Ekspertlər maliyyə böhranının mənfi təsirlərindən qorunmağın yolları barədə danışıblar
Artıq uzun müddətdir ki, bütün dünya maliyyə böhranından danışır. Qlobal böhranı, iri şirkətləri məhv etməklə bərabər, müflisləşən bankirlərin, milyonçuların həyatını almağa başlayıb.
Bir müddət əvvəl böhranın ən ciddi təsir etdiyi ölkələrdən olan İngiltərə bir intihardan şoka düşdü. Milyonçu, maliyyəçi Kirk Stefenson, maliyyə bazarlarındakı böhranın basqısına davam gətirməyərək, intihar etdi. Evli və bir uşaq atası olan Kirk Stefenson Berkşirdə özünü qatarın altına atmışdı.
Bu xəbərin ardınca isə, rusiyalı milyonçunun intihar xəbəri yayıldı. Belə ki, Rusiyanın aviabiletlərin satışı ilə məşğul olan “Sobi” konserninin direktoru Vladimir Zubkov dostlarının ona bağışladığı ov tüfəngindən atəş açaraq özünü öldürdü.
Ümumiyyətlə, tarixə nəzər yetirdikdə, maliyyə böhranının yaşandığı dövrlərdə belə hallar tez-tez baş verir. Cəmiyyətdə güclü depressiya yaranır. Bu gün Bakının küçələrində, ictimai nəqliyyatda insanların əzgin, ümidsiz simasından hiss etmək mümkündür.
Belə ağır vəziyyətdə insanlar necə hərəkət etməlidir? Müflisləşən iş adamlarının bu sarsıntılardan yaxa qurtarması üçün çıxış yolu ancan intihardırmı? Problemi mütəxəssislərə araşdırmağa çalışmışıq.
Psixoloq: «Mümkün qədər siyasətdən uzaqlaşmaq və iqtisadiyyatla maraqlanmaq əsas xilas metodu ola bilər»
Psixoloq Dəyanət Rzayev hər şey insanların vəziyətə və mühitə adaptasiyasi ilə bağlı olduğunu deyir. «Heç də həmişə varlı insanları xöşbəxt hesab etmək olmaz. Ümumiyyətlə, böhran milyonlarla pula sahib insanlara daha çox təsir edir». Onun sözlərinə görə, böhranın cəmiyyətə təsir etməsinin gücü insanların psixologiyasından və ətrafında olan insanlardan asılıdır: «Bu, sadəcə insanların psixoloji məqamları, dünyada baş verən proseslərə olan münasibətindən asılıdır. Fikrimcə, maliyyə böhranı bir növ təxribat xarakteri daşıyır. Bəzən, hansısa cəmiyyətin vahid mərkəzdən idarə olunmasında bu metodlardan istifadə edirlər».
Psixoloq əlavə etdi ki, insanları bu cür depresiyalardan qorumaq üçün mümkün dərəcədə fikirlərini yayındırmaq və müxtəlif işlərə cəlb etmək lazımdır: «Məsələn, mümkün qədər siyasətdən uzaqlaşdırmaq və iqtisadiyyatla maraqlanmaq əsas xilas metodu ola bilər”.
Sosioloq: «Kütləvi informasiya vasitələrində müsbət emosiyalı xəbərlərə üstünlük vermək lazımdır»
Sosioloq Mətləb Mahmudovun fikrincə, böhranın sosiolji təsiri birbaşa psixoloji təsir şəklində özünü göstərir: «İnsanların bir qismi, xüsusilə biznesmenlər, iş adamları radio və televiziya vasitəsilə mənfi informasiyalar alanda, bu onlara emosionallıq verərək depressiv reaksiyaya məruz qalmasına səbəb olur. Ona görə də, kütləvi informasiya vasitələrində müsbət emosiyalı xəbərlərə üstünlük vermək lazımdır.
Digər tərəfdən, müəssisələrdə ixtisarlar işsizlik yaradır. Bu da təbii ki, bəzi insanları depresiyaya salır. Əlbəttə, qlobal maliyyə böhranı ölkəmizə təsir edir. Bir çox insanlar pullarını banklardan geri götürür və banklara inamsızlıq əmələ gəlir».
Sosioloq hesab edir ki, böhran nəticəsində qiymətlərin aşağı düşməsi cəmiyyətdə müəyyən qədər tarazlıq yaradır ki, bu da mövcud olan gərginliyi azaldacaq: «Bazarda tarazlığın pozulması, tələb və təklif arasında qeyri bərabərliyin yaranması da qiymətlərə öz təsiri göstərəcək. Böhrandan çıxmaq üçün kənd təsərrüfatına və infrakstrukturun inkişafına xüsusi fikir vermək lazımdır. Azərbaycanda böhran çox da hiss olunmur. Buna baxmayaraq istənilən sahədə qənaət etmək yaxşıdır. Əgər bu ərəfədə düzgün iqtisadi siyasət qurularsa, ölkədə sosial gərginlik azalar.